“James Webb” kosmik teleskopunun NIRSpec spektoqrafı vasitəsilə apardığı müşahidələr Neptun planetinin kiçik daxili peykləri olan “Larissa” və “Galatea”-nın səthində maqneziumla zəngin fillosilikatların olduğunu üzə çıxarıb. Yer kürəsində bu minerallar qayaların maye su ilə kimyəvi qarşılıqlı təsiri nəticəsində yaranır. Lakin hazırkı kiçik və soyuq peyklərdə belə proseslərin baş verməsi üçün lazımi şərait mövcud deyil.
Bu minerallar necə formalaşıb?
Tədqiqatçılar hesab edirlər ki, aşkar olunan minerallar hazırkı peyklərin daxilində deyil, daha qədim və böyük göy cisimlərində formalaşıb. Ehtimal olunur ki, “Larissa” və “Galatea” Günəş sisteminin ilkin mərhələlərində mövcud olmuş, daxili istilik və maye suya sahib olan daha iri peyklərin dağılmış qalıqlarından ibarətdir. Bu qədim cisimlər dağıldıqdan sonra onların daxili maddələri planetin orbitində toplanaraq mövcud peykləri və halqaları formalaşdırıb.
“Triton”un rolu nədən ibarətdir?
Alimlər bu dağılmanın səbəbkarı kimi “Triton” peykinin Neptun tərəfindən tutulmasını göstərirlər. “Triton”un əks istiqamətdə (retroqrad) hərəkət etməsi onun sonradan tutulduğunu sübut edir. Onun cazibə qüvvəsinin təsiri ilə sistemdəki sabitlik pozulub və bu, qədim peyklərin toqquşaraq parçalanmasına səbəb ola bilərdi. “Science Advances” jurnalında dərc olunan bu araşunan bu tədqiqat, “Nereida” peykinin fərqli tərkibi ilə də dəstəklənir.






