ABŞ Ədliyyə Nazirliyi (DOJ) keçmiş FTB direktoru James Comey-ni yenidən ittiham edib. "CNN"-in məlumatına görə, çərşənbə axşamı Şimali Karolina federal məhkəməsinə təqdim edilən ittihamnamə onun ötən ilin may ayında "Instagram" hesabında etdiyi paylaşımla bağlıdır. Silinmiş fotoda balıqqulaqlarından düzəldilmiş "8647" rəqəmləri əks olunmuşdu.
DOJ iddia edir ki, vəziyyətlə tanış olan ağlı başında hər kəs bu fotonu "zərər yetirmək niyyətinin ciddi ifadəsi" kimi qəbul edərdi. "Merriam-Webster" lüğətinə əsasən, "86" ifadəsi jarqon olaraq "yaxa qurtarmaq" və ya "kənarlaşdırmaq" mənasını verir, Donald Trump isə ABŞ-ın 47-ci prezidentidir. James Comey isə fotonu "Çimərlik gəzintim zamanı möhtəşəm balıqqulağı formasiyası" başlığı ilə paylaşmışdı.
Çərşənbə axşamı keçirilən mətbuat konfransında Baş prokuror Todd Blanche bildirib ki, keçmiş direktor Donald Trump-ın həyatına qəsd etmək və ona bədən xəsarəti yetirmək üçün "bilərəkdən və qəsdən təhdid edib". Hazırda James Comey prezidenti hədələməkdə və ştatlararası ticarətdə təhdid mesajı yaymaqda günahlandırılır.
Mayın 15-də postu sildikdən sonra James Comey bu rəqəmlərin zorakılıqla əlaqələndirildiyini bilmədiyini və hər cür şiddətə qarşı olduğunu açıqlayıb. Qeyd edək ki, o, daha əvvəl 2025-ci ilin sentyabrında Konqresə yalan danışmaq və icraata mane olmaq iddiaları ilə ittiham edilsə də, sonradan hakim işə xitam vermişdi.






