Mashable nəşrinin məlumatına görə, iPhone 18 Pro və Pro Max modelləri kamera sistemində əhəmiyyətli yeniliklə - dəyişən diafraqma ilə təchiz edilə bilər. Bu texnologiya obyektivin diafraqma ölçüsünü fiziki olaraq tənzimləməyə imkan verərək, sensorun qəbul etdiyi işıq miqdarını idarə etməyə şərait yaradır. Bu yenilik çətin işıqlandırma şəraitində daha dəqiq ekspozisiya və sahə dərinliyinə nəzarət imkanlarını genişləndirir.
Təchizat zənciri üzrə analitik Min-Chi Kuo bildirib ki, bu qabaqcıl optik komponentin qiyməti iPhone 17 Pro-nun əsas kamerasında istifadə olunan 7P linzaları ilə müqayisədə təxminən 50% baha olacaq. 2024-cü ildən müzakirə olunan texnologiya artıq istehsal mərhələsinə keçib.
Əsas təchizatçı Sunny Optical olacaq
Yeni modulun əsas təchizatçısı qismində Çinin Sunny Optical şirkəti çıxış edəcək. Şirkətin Apple-ın sifarişlərinin 40-50%-ni qarşılayacağı gözlənilir. Bu əməkdaşlıq Sunny Optical-ın texnologiya nəhənginin təchizat zəncirindəki mövqeyini möhkəmləndirəcək.
Bundan əlavə, Sunny Optical artıq qarşıdan gələn MacBook Neo noutbukları üçün də kamera modulları tədarük edir. Yüksək tələbat səbəbindən Min-Chi Kuo cihazın 2026-cı il üçün tədarük proqnozunu 5 milyondan 10 milyon ədədə qədər artırıb. Gələcəkdə, 2028-ci ildən etibarən Apple-ın ultra genişbucaqlı modullar üçün daha qabaqcıl chip-on-board (COB) texnologiyasına keçəcəyi ehtimal edilir.






