"İzvestiya" nəşrinin məlumatına görə, Roskomnadzor abunəçilərin IP ünvanları haqqında məlumatları təqdim etməyən 85 rabitə şirkətini cərimələyib. Qurum rəsmiləri bildiriblər ki, provayderlər müvafiq bildiriş aldıqdan sonra bu məlumatları təqdim etməyə borcludurlar. Təkcə 2026-cı ilin mart ayında qurum 1359 şirkətə bu barədə sorğu göndərib.
Rəsmi açıqlamaya əsasən, sözügedən məlumatlar təhlükəsizlik təhdidləri və kiberhücumlar, o cümlədən DDoS hücumları ilə mübarizə üçün zəruridir. Ekspertlər qeyd edir ki, bəzi hallarda həm IPv4, həm də IPv6 protokollarından istifadə edən abunəçilərin məlumatları ötürülür. IPv6 ünvanları əsasən ödənişli VPN xidmətləri tərəfindən dəstəklənir.
Provayderlər üçün bu tələblərin icrası əlavə xərclər deməkdir, çünki şirkətlər müvafiq avadanlıqlar almalı və əlavə işçi qüvvəsi cəlb etməli olurlar. Bu xərclərin isə xidmət qiymətlərinin artırılması yolu ilə abunəçilərin üzərinə yüklənməsi istisna edilmir.
Qaydalara əsasən:
- IP ünvanları barədə məlumatlar bələdiyyə vahidlərinə uyğun olaraq ötürülür.
- Trafiki idarə edən texniki vasitələrin (TSPU) identifikatorları qeydə alınır.
- Məlumatlar bir sutka, bəzi hallarda isə bir saat ərzində təqdim edilməlidir.
Qeyd edək ki, ilk pozuntuya görə 500 min rubladək, təkrar pozuntuya görə isə 1 milyon rubladək cərimə nəzərdə tutulur.






