Kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən “Intuitive Machines” şirkəti yeni çoxpeyklik rabitə sisteminin yaradılması üçün böyük bir müqavilə əldə edib. Ümumi dəyəri 600 milyon ABŞ dollarından çox olması gözlənilən proqram çərçivəsində şirkət üç peykin layihələndirilməsi, istehsalı və inteqrasiyası ilə məşğul olacaq. 13 avqust tarixində şirkət sifarişçidən işlərə başlamaq üçün rəsmi icazə (ATP) aldığını bəyan edib.
Yeni peyklər “Intuitive Machines” tərəfindən uzunmüddətli kosmik missiyalar üçün xüsusi olaraq hazırlanmış “IM-1300” platforması bazasında inşa ediləcək. Bu aparatlar geostasionar orbitə çıxarılacaq və kritik əhəmiyyətli rabitə infrastrukturunun bir hissəsi olacaq. Sifarişçinin kimliyi açıqlanmasa da, şirkətin daha əvvəl “NASA” və ABŞ-ın milli təhlükəsizlik sektoru ilə əməkdaşlıq etməsi layihənin hərbi və ya dövlət əhəmiyyətli ola biləcəyi ehtimalını gücləndirir.
Bu layihə “Intuitive Machines” şirkətinin fəaliyyət dairəsinin genişləndiyini göstərir. Xatırladaq ki, “Houston” mərkəzli şirkət 2024-cü ildə “Nova-C Odysseus” eniş aparatı ilə “Apollo 17” missiyasından sonra Aya yumşaq eniş edən ilk Amerika aparatı kimi tarixə düşmüşdü. İndi isə şirkət ay missiyaları ilə yanaşı, kommersiya və dövlət sektorları üçün kosmik infrastruktur həllərini inkişaf etdirməyə fokuslanıb.






