Infinix brendi özünün yeni büdcə dostu smartfonu olan Hot 70 modelini nümayiş etdirib. Qeyri-rəsmi məlumatlara görə, yaxın vaxtlarda seriyanın daha üst modelləri də təqdim olunacaq.
Cihazın əsas fərqləndirici xüsusiyyəti Thermo Orange adlanan rəng seçimidir. Bu boya istiliyə reaksiya verir: soyuq havada arxa panel tünd narıncı (Quiet Orange), qızdıqda isə daha parlaq narıncı (Playful Orange) rəngə çevrilir. Smartfon, həmçinin yaşıl, bənövşəyi, mavi, gümüşü və tünd boz rənglərdə də təqdim olunur. Cihazın qalınlığı 7,49 mm, çəkisi isə 195 qramdır.
Texniki göstəricilər:
- Prosessor: MediaTek Helio G100 Ultimate
- Yaddaş: 6/128 GB, 8/128 GB, 6/256 GB və 8/256 GB variantları
- Ekran: 6,78 düymlük, 720 x 1576 piksel təsvir ölçülü və 120 Hz yeniləmə tezliyinə malik IPS panel
- Batareya: 6000 mAh, 45 Vt sürətli və 10 Vt əks enerji ötürmə dəstəyi
- Kameralar: 50 MP əsas kamera (f/1.9) və 8 MP ön kamera (f/2.0)
Smartfon Android 16 əməliyyat sistemi və XOS 16 interfeysi ilə işləyir. Bundan əlavə, büdcə seqmenti üçün qeyri-adi sayılan əlavə fiziki düymə mövcuddur ki, bu düyməyə müxtəlif funksiyalar və tətbiqlər təyin etmək mümkündür.






