"OpenAI" şirkətinin sabiq elmi rəhbəri və həmtəsisçilərindən biri olan İlya Sutskever bu həftə məhkəmədə ifadə verib. 2024-cü ilin may ayında özünün "SSI" startapını yaratmaq üçün şirkəti tərk edən sabiq rəhbər, hazırda təxminən 7 milyard ABŞ dolları dəyərində "OpenAI" səhmlərinə sahib olduğunu bildirib. O, həmçinin baş direktor Sem Altmanı vəzifəsindən kənarlaşdırmaq üçün təşəbbüsə təxminən bir il hazırlaşdığını etiraf edib.
Məhkəmə prosesində 2023-cü ilin noyabrında baş vermiş məlum istefa qalmaqalının yeni detalları üzə çıxıb. İlya Sutskever direktorlar şurasının tapşırığı ilə bir il ərzində Sem Altmanın qeyri-səmimiliyini sübut edən dəlillər topladığını qeyd edib. Onun sözlərinə görə, baş direktor mütəmadi olaraq ətrafındakılara yalan danışır, rəhbər şəxsləri bir-birinə qarşı qoyur və işgüzar münasibətlərə zərər vururdu. Bu dövrdə İlya Sutskever və texniki direktor Mira Murati vəziyyəti tənqidi şəkildə müzakirə edərək, Altmanın davranışlarının startapın böyük hədəflərinə mane olduğunu düşünürdülər.
Bütün bunlara baxmayaraq, istefanı təşkil etdikdən sonra startapın gələcəyi üçün narahatlıq keçirən İlya Sutskever, sonradan Altmanın vəzifəyə bərpa olunmasının lehinə səs verib. Sabiq baş tədqiqatçı məhkəmədə əlavə edib ki, ona məxsus "OpenAI" səhmlərinin dəyəri ötən ilin noyabrında 5 milyard ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 7 milyard ABŞ dollarına çatıb. Müqayisə üçün qeyd edək ki, şirkətin prezidenti Qreq Brokman təxminən 30 milyard ABŞ dolları dəyərində səhmə sahibdir.
Məhkəmə ifadələrindən o da məlum olub ki, 2023-cü ilin payızında baş vermiş istefa böhranından sonra rəqib "Anthropic" startapı ilə birləşmə danışıqları aparılıb. Lakin bu ideya şəxsən İlya Sutskeverin ürəyincə olmayıb. Bundan əlavə, o, həmin ərəfədə "Microsoft" korporasiyasının "OpenAI" rəhbərliyinə öz tərkibində xüsusi bölmə yaratmaq təklifini verdiyi anı da qaçırdığını vurğulayıb.






