"Microsoft" bu həftə "Xbox" biznesində ciddi ixtisarlara gedəcəyini açıqlayıb. Şirkət 1 600 əməkdaşını işdən çıxaracağını, növbəti maliyyə ilində daha 1 600 nəfərin ixtisar olunacağını və dörd studiyanın bağlanacağını bildirib. "Xbox"-un baş direktoru Aşa Şarma biznesin "sağlam olmadığını" və şirkətin resurslarını həddindən artıq yaydığını qeyd edib.
"Xbox"-un satılması realdırmı?
"New York University"-nin professoru Yust van Drunen-in fikrincə, "Xbox"-un tamamilə satılması nəzəri cəhətdən mümkündür. Xüsusilə aparat təminatı xərclərinin artması və "Microsoft"-un süni intellekt infrastrukturuna yönəlməsi bu ehtimalı gücləndirir. Lakin mütəxəssis vurğulayır ki, illik gəliri 23 milyard ABŞ dollarından çox olan belə nəhəng bir konqlomeratı almaq istəyəcək alıcı tapmaq olduqca çətindir.
Potensial alıcılar kimlər ola bilər?
"IDG Intelligence"-in rəhbəri Yoşio Osaki hesab edir ki, "Tencent", "Amazon" və ya "Netflix" kimi nəhənglərin "Xbox"-u bütöv şəkildə alması ehtimalı azdır. Hazırda bir çox texnologiya və oyun şirkəti sektorda daha ehtiyatlı davranır. Məsələn, "Meta" oyun sahəsindən geri çəkilir, "Tencent" isə Yaponiyadakı oyun investisiyalarından çıxmağa çalışır.
Gələcəkdə bizi nə gözləyir?
Ekspertlər "Xbox"-un bütöv satılmasındansa, studiyaların və ya ayrı-ayrı oyun brendlərinin hissə-hissə satılmasını daha real ssenari hesab edirlər. "Microsoft" artıq bəzi studiyalarını müstəqil fəaliyyətə buraxıb və ya digər şirkətlərə satıb. Aşa Şarma isə hazırda "Minecraft" və "Candy Crush" kimi böyük platformalara fokuslanaraq, "Xbox"-un gələcək modelini formalaşdırmağa çalışır.






