İnternetdə etimadın ən əsas mənbələrindən biri olan Vikipediya hazırda daxili böhranla üz-üzədir. Vikimedia Fondu (WMF) mayın 20-də könüllülər və fond arasında körpü rolunu oynayan, beş mühəndis və bir menecerdən ibarət "Community Tech" komandasını ləğv etdiyini açıqlayıb. Bu komanda plagiat aşkarlayıcıları, "qaranlıq rejim" və qrafik alətləri kimi vacib funksiyaların hazırlanmasında mühüm rol oynayırdı.
Fond rəhbərliyi bu addımı iş prosesindəki gecikmələri aradan qaldırmaq və işi müxtəlif komandalar arasında bölüşdürmək zərurəti ilə əsaslandırsa da, könüllü redaktorlar qərarı kəskin tənqid ediblər. Bir çoxları bu addımın fond daxilindəki həmkarlar ittifaqı hərəkatını zəiflətmək məqsədi daşıdığından şübhələnir.
Vəziyyət o həddə çatıb ki, 700-dən çox redaktor kollektiv etiraz aksiyasına, o cümlədən tətilə dəstək verən petisiyaya imza atıb. Tətilin reallaşacağı təqdirdə, redaktorlar yalnız ciddi təhlükəsizlik və məxfilik pozuntularına müdaxilə edəcək, vandalizm və spam kimi digər məsələlər isə nəzarətsiz qalacaq. Ekspertlər xəbərdarlıq edir ki, könüllülərin işi dayandırması Vikipediyanın aktuallığını itirməsinə və qlobal informasiya məkanında ciddi boşluqların yaranmasına səbəb ola bilər.






