Sony-nin keçirdiyi "State of Play" tədbirində Marvel’s Wolverine oyunu ilə bağlı yeni detallar açıqlanıb. Insomniac Games tərəfindən hazırlanan və 15 sentyabr tarixində yalnız PlayStation 5 üçün satışa çıxarılacaq oyunun 7 dəqiqəlik gameplay videosu maraqla qarşılanıb.
Videoda personajın ikonik sarı kostyumunda düşmənlərinə qarşı mübarizə apardığı və xüsusi bıçaqlarından istifadə etdiyi nümayiş olunur. Döyüş səhnələrinin olduqca ağır və təsirli olduğu, eləcə də oyunun yüksək dərəcədə şiddət və qanlı elementlər ehtiva etdiyi diqqət çəkir.
Xatırladaq ki, oyun ilk dəfə 2021-ci ildə elan edilib. Uzun müddət məlumat qıtlığı yaşansa da, Sony 2025-ci ilin sentyabrında keçirilən "State of Play" tədbirində ilk gameplay görüntülərini paylaşmış, fevral ayında isə rəsmi buraxılış tarixini açıqlamışdı.
Qeyd edək ki, Insomniac Games studiyası Marvel oyunları sahəsində zəngin təcrübəyə malikdir. Studiya 2018-ci ildə PS4 üçün buraxılan Spider-Man, həmçinin Spider-Man: Miles Morales və Spider-Man 2 kimi uğurlu layihələrin müəllifidir.






