"Google" şirkəti özünün populyar qulaqlıq modelləri olan "Pixel Buds 2A" və "Pro 2" üçün yeni funksiyalar paketini istifadəyə verib. Avqust ayında anons edilən bu yeniliklər artıq istifadəçilərə çatdırılmağa başlayıb.
Ən diqqətçəkən yenilik "Pixel Watch" saatları ilə inteqrasiya olunmuş yuxu aşkarlama funksiyasıdır. İstifadəçi yuxuya getdikdə qulaqlıqlar bunu avtomatik müəyyən edərək musiqini dayandırır, bildirişləri səssizləşdirir və toxunma idarəetməsini deaktiv edir.
Bundan əlavə, istifadəçilər üçün bir sıra funksional dəyişikliklər də tətbiq olunub. "Pixel" telefonları ilə istifadə zamanı zənglər zamanı mikrofonu bir toxunuşla söndürmək (tap-to-mute) və canlı tərcümə funksiyasını aktivləşdirmək mümkün olacaq. "Gemini" səsli köməkçisi vasitəsilə isə səs-küyün ləğvi (ANC) və ekvalayzer parametrlərini idarə etmək daha rahat hala gətirilib.
Yalnız "Pixel Buds Pro 2" modelinə xas olan "Dynamic ANC" funksiyası isə qulaqlığın qulaq kanalına uyğunluğundan asılı olaraq səs keyfiyyətini və aktiv səs-küyün ləğvi səviyyəsini avtomatik tənzimləyir. Şirkət ilkin məlumatlarda bəzi funksiyaların orijinal "Pixel Buds Pro" üçün də əlçatan olacağını bildirsə də, sonradan bu qeydləri rəsmi açıqlamadan çıxarıb.





