"Google" şirkəti "Mac" əməliyyat sistemi üçün yeni "Gemini" tətbiqini istifadəyə verib. Bu yenilik istifadəçilərə iş masasında pəncərələri dəyişmədən süni intellekt köməkçisi ilə rahat şəkildə qarşılıqlı əlaqə qurmağa imkan yaradır. Tətbiqdə Option + Space qısayolundan istifadə edərək üzən söhbət pəncərəsini açmaq, "Gemini" modelinə suallar vermək və cari ekranı paylaşmaq mümkündür. Ekranı paylaşmazdan əvvəl sistem məlumatlarına giriş üçün icazə verilməlidir. Bundan sonra süni intellekt istifadəçinin baxdığı məlumatları təhlil edərək sualları cavablandırır.
Yeni proqram "Apple" şirkətinin "OpenAI" tərəfindən yaradılmış "ChatGPT" kimi modellərə çıxış imkanı verən yenilənmiş "Spotlight" funksiyasına bənzəyir. Bu addım "Google" şirkətini masaüstü cihazlarda əsas süni intellekt modeli olmaq istəyən "Anthropic", "OpenAI" və "Perplexity" ilə birbaşa rəqabətə aparır. Lakin "ChatGPT" və "Anthropic" tərəfindən təqdim edilən "Claude" tətbiqləri "Mac" üzərində istifadəçi adından müxtəlif tapşırıqları yerinə yetirə bildiyi üçün hələlik "Gemini" modelindən bir addım öndədir.
Veb və mobil versiyalarda olduğu kimi, "Mac" üçün nəzərdə tutulmuş tətbiq də "Google Drive" vasitəsilə fayllar yükləməyə, şəkillər və ya musiqilər yaratmağa şərait yaradır. Bu buraxılış "Windows" üçün bənzər tətbiqin təqdim edilməsindən cəmi bir gün sonra baş tutub. Yeni "Gemini" tətbiqi dəstəklənən bütün ölkələrdə pulsuz yüklənilə bilər və işləməsi üçün macOS Sequoia (15.0) və ya daha yeni versiya tələb olunur.






