"Google" şirkəti tərəfindən yenilənən "Chrome" brauzerinin texniki sənədlərində yerli süni intellekt modellərinin yüklənməsi üçün yeni şərtlər müəyyən edilib. 1 avqust tarixində dərc olunan məlumatlara görə, brauzerin süni intellekt funksiyalarından istifadə etməsi üçün cihazda ən azı 20 GB boş disk sahəsi olmalıdır.
Bundan əlavə, "Chrome" yalnız uyğun aparat təminatına malik cihazlarda bu modelləri yükləyəcək. Brauzer yükləmə prosesinə başlamazdan əvvəl sabit internet bağlantısı, kifayət qədər yaddaş və cihazın performans göstəricilərini yoxlayır. Şirkət qeyd edir ki, bu tələblər gələcəkdə dəyişdirilə bilər.
Süni intellekt modellərini necə idarə etmək olar?
"Google" istifadəçilərə yüklənmiş modelləri idarə etmək üçün "Chrome" parametrlərindəki On-device AI alətindən istifadə etməyi tövsiyə edir. Faylların əllə silinməsi məsləhət görülmür, çünki bu, brauzerin onları yenidən yükləməsinə səbəb ola bilər. On-device AI funksiyası söndürüldükdə isə brauzer avtomatik olaraq yüklənmiş modelləri silir və əlaqəli parametrləri deaktiv edir.
Korporativ mühitdə çalışan istifadəçilər üçün isə idarəetmə "Chrome Enterprise" siyasətləri vasitəsilə həyata keçirilir. Bu yenilik, bir müddət əvvəl istifadəçilərin diqqətini çəkən təxminən 4 GB ölçüsündə olan "Gemini Nano" modelinin fon rejimində yüklənməsi ilə bağlı narahatlıqlardan sonra tətbiq edilib.






