"Google" istifadəçilərin axtarış platforması ilə qarşılıqlı əlaqəsini idarə etmək üçün yeni qaydalar tətbiq edir. Şirkətin rəsmi açıqlamasına görə, bundan sonra "Google Lens" vasitəsilə edilən vizual axtarışlar, "Search Live" alətinin qeydləri, səsli axtarışlar və "Translate" xidmətinə deyilən ifadələr yeni "Search Services History" (Axtarış Xidmətləri Tarixçəsi) bölməsində saxlanılacaq.
Bu yenilik şirkətin xidmətlərini, xüsusilə də süni intellekt modellərini inkişaf etdirmək və təkmilləşdirmək məqsədi daşıyır. Əgər istifadəçilər "Personalized Recommendations" (Fərdiləşdirilmiş Tövsiyələr) funksiyasını aktivləşdirərlərsə, toplanan bu məlumatlar həm də reklam və fərdi təkliflərin formalaşdırılmasında istifadə ediləcək.
İstifadəçilər bu prosesə tam nəzarət edə bilərlər. "Google" istifadəçilərə "Search Services History" parametrini söndürmək və ya "Save Media" (Media fayllarını saxla) funksiyasını deaktiv etmək imkanı verir. Qeyd edək ki, bu yeni tənzimləmələr əvvəlki "Web & App Activity" bölməsindən ayrılıb və müstəqil şəkildə idarə olunacaq.
Əgər istifadəçilər artıq "Web & App Activity" vasitəsilə axtarış tarixçəsinin saxlanılmasını qadağan ediblərsə, "Google" bu yeni keçid dövründə də həmin məhdudiyyəti qüvvədə saxlayacaq. Yeni parametrlərin növbəti bir neçə ay ərzində bütün istifadəçilər üçün aktivləşdirilməsi və mövcud fərdiləşdirmə seçimlərinin köçürülməsi nəzərdə tutulur.






