Google şirkəti axtarış bazarında qeyri-qanuni inhisarçı hesab edilməsi ilə bağlı federal məhkəmənin qərarından apellyasiya şikayəti verib. Şirkət hüquqi sənədlərdə qərarın hüquqi çərçivələri pozduğunu iddia edərək, bazarda uğuru “ədalətli və dürüst” yolla qazandıqlarını bildirib.
Apellyasiya şikayəti həm 2024-cü ilin avqustunda qəbul edilmiş inhisarçılıq qərarını, həm də 2025-ci ilin sentyabrında verilmiş və şirkəti axtarış məlumatlarını rəqibləri ilə bölüşməyə məcbur edən düzəliş qərarını əhatə edir. Google-un tənzimləyici məsələlər üzrə vitse-prezidenti Li-Enn Mulholland bildirib ki, istifadəçilər və tərəfdaşlar Google-u ən yaxşı və faydalı nəticələr təqdim etdiyi üçün seçirlər.
Mübahisəli məqamlar
Şirkət hakim Amit Metanın qərarında səhvə yol verdiyini və brauzer istehsalçıları ilə bağlanmış müqavilələrin rəqabətə zidd olmadığını müdafiə edir. Google-un mövqeyinə görə, hakim rəqiblərə məlumat ötürülməsi və sindikasiya kimi tələblərlə öz səlahiyyətlərini aşaraq “fövqəladə addımlar” atıb.
Bundan əlavə, Google generativ süni intellekt şirkətləri ilə məlumat paylaşılması tələbinə də etiraz edir. Şirkət qeyd edir ki, bu qurumlar sözügedən dövrdə mövcud olmayıblar və Google-un uğurundan istifadə etmədən belə sürətlə inkişaf edirlər.
Qeyd edək ki, ABŞ hökuməti və bəzi ştatlar da eyni qərardan şikayətçidir. Onlar hakimin Chrome brauzerinin satılması kimi daha sərt tədbirlər görməli olduğunu iddia edirlər. İndi işin gələcək taleyi Vaşinqtondakı federal apellyasiya məhkəməsinin qərarından asılıdır.






