Avropa İttifaqı antiinhisar qanunvericiliyini pozduğuna görə Google-u təxminən 1 milyard avro cərimələməyə hazırlaşır. Almaniyanın "Handelsblatt" qəzetinin Avropa Komissiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, qərar artıq yekunlaşmaq üzrədir və yay tətilinə qədər elan edilməsi gözlənilir.
Bu cərimə 2024-cü ilin mayında qüvvəyə minən Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində tətbiq edilən ən böyük cəza olacaq. 2025-ci ilin martında başlanılan araşdırmanın əsas səbəbi Google-un axtarış nəticələrində səyahət, alış-veriş və otel bronlaşdırması kimi sahələrdə öz xidmətlərinə sistemli şəkildə üstünlük verməsidir. Tənzimləyicilər hesab edir ki, bu yanaşma Booking və Tripadvisor kimi rəqiblərin hüquqlarını pozur və sağlam rəqabətə zərər vurur.
Avropa Komissiyası Google-un axtarış bazarındakı 90%-dən çox olan dominant mövqeyindən istifadə edərək istifadəçiləri digər provayderlərin xidmətləri əvəzinə öz platformalarına yönləndirməsindən narahatdır. Qeyd edək ki, DMA qaydalarına əsasən, şirkətlərə illik qlobal dövriyyənin 10%-nə qədər, təkrar pozuntular zamanı isə 20%-ə qədər cərimə tətbiq edilə bilər.
Xatırladaq ki, Avropa İttifaqı 2017-2019-cu illər aralığında qiymət müqayisəsi, Android əməliyyat sistemi və reklam xidmətləri ilə bağlı pozuntulara görə Google-u ümumilikdə 8,25 milyard avro cərimələmişdi.






