2023-cü ildə böyük uğur qazanan "Godzilla Minus One" filminin davamı olan "Godzilla Minus Zero" üçün ilk tizer treyleri yayımlanıb. Yeni ekran işi orijinal filmin qurduğu daha realistik ab-havanı qoruyub saxlamaqla yanaşı, seriya üçün böyük yeniliklər vəd edir.
Rəsmi məlumata görə, hadisələr ilk filmdən iki il sonra, 1949-cu ildə baş verir və yeni fəlakətlə üzləşən Şikişima ailəsinin hekayəsini davam etdirir. Treylerdə diqqət çəkən əsas məqam isə məkanın Tokiodan Nyu-Yorka dəyişməsidir. Belə ki, məşhur bədheybət Azadlıq heykəlinin düz yanında nümayiş olunur.
Filmin aktyor heyətində Ryunosuke Kamiki və Minami Hamabe öz rollarına geri dönürlər. Layihənin rejissoru isə hazırda "Grandgear" adlı nəhəng robot filmi üzərində də çalışan Takashi Yamazaki olacaq. "Toho" şirkətinin açıqlamasına əsasən, bu ekran işi "IMAX" formatında lentə alınan ilk Yaponiya filmi kimi tarixə düşəcək.
Dünyanın ən məşhur bədheybəti üçün bu dövr olduqca məhsuldar keçir. O, həmçinin "Godzilla x Kong: Supernova" filmində və "Apple TV" platformasında yayımlanan "Monarch: Legacy of Monsters" serialında da yer alır. "Godzilla Minus Zero" isə 6 noyabr tarixində kinoteatrlarda nümayiş olunacaq.






