Yaponiyanın "GlobalSign" sertifikatlaşdırma mərkəzi beynəlxalq sanksiyalar altında olan Rusiya təşkilatlarının TLS sertifikatlarını ləğv etmək prosesinə başlayıb. 18 iyun tarixində saat 17:15-də start götürən bu proses, "Ru-Center" domen qeydiyyatçısına göndərilən rəsmi bildirişlə təsdiqlənib. Ləğv edilən sertifikatlar siyahısında "Rosneft", "Qazprombank", "Alrosa", "Positive Technologies", "OAK" (Birləşmiş Aviasiya Korporasiyası), "Dialog" və "VEB.RF" kimi iri qurumlar yer alır.
TLS sertifikatları veb-saytların rəqəmsal pasportu rolunu oynayır və istifadəçi ilə server arasında şifrələnmiş əlaqəni təmin edir. Bu sertifikatlar olmadan "Google Chrome", "Apple Safari" və "Mozilla Firefox" kimi brauzerlər saytları təhlükəsiz hesab etmir və girişi məhdudlaşdırır. Ekspertlərin fikrincə, bu qərar 15 000-dən 20 000-ə qədər ikinci səviyyəli domeni, dolayısı ilə milyonlarla alt domeni təsir altına ala bilər.
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi vəziyyəti nəzarətdə saxladıqlarını və zərərçəkən qurumların "QosUsluqi" portalı vasitəsilə yerli sertifikatlar əldə edə biləcəklərini açıqlayıb. Nazirliyin qiymətləndirməsinə görə, "GlobalSign"-ın Rusiyadakı ümumi bazar payı 5%-dən az olsa da, kommersiya sektorunda bu göstərici 90%-ə çatır. Gələcəkdə "Let's Encrypt" kimi digər xarici mərkəzlərin də oxşar addımlar atacağı istisna edilmir.






