Fransa dövlət İT sistemlərini "Windows" əməliyyat sistemindən "Linux" platformasına keçirməyə hazırlaşır. Hökumət nazirliklər qarşısında 2026-cı ilin payızına qədər qeyri-Avropa mənşəli proqram təminatlarından imtina planını hazırlamaq öhdəliyi qoyub. Bu dəyişiklik əməliyyat sistemləri, birgə iş vasitələri, kibertəhlükəsizlik, süni intellekt, məlumat bazaları və şəbəkə avadanlıqları kimi əsas istiqamətləri əhatə edəcək.
Xarici proqramların əvəzinə milli həllər olan "Tchap", "Visio" və "FranceTransfer" platformalarından istifadə nəzərdə tutulur. Keçid strategiyasını əlaqələndirmək məqsədilə "DINUM" özəl sektor nümayəndələri ilə xüsusi görüşlər təşkil edəcək.
Bu addım Avropa İttifaqı ölkələrinin ABŞ texnologiyalarından asılılığı azaltmaq istiqamətində atdığı qlobal tendensiyanın bir hissəsidir. Avropa bazarı "Windows", "Microsoft Office", "Zoom" və "Google Docs" kimi məhsullardan uzaqlaşaraq, böyük İT şirkətlərinə qarşı tənzimləmələri daha da sərtləşdirir.






