Ferrari-nin ilk elektrik modelinin təqdimatı həm istifadəçilər, həm də markanın keçmiş rəhbərliyi tərəfindən ciddi tənqidlərə səbəb olub. Bu vəziyyət rəqib şirkət olan Lamborghini-ni tam elektrik modellərindən imtina edərək, doldurula bilən hibrid (PHEV) texnologiyalarına yönəlmək qərarının doğruluğuna bir daha əmin edib.
Lamborghini-nin baş direktoru Stefan Vinkelmann CNBC-yə verdiyi müsahibədə bildirib ki, şirkət əvvəllər Lanzador sportkarı və Urus krossoverinin elektrik versiyalarını hazırlamağı planlaşdırsa da, sonradan bu fikirdən daşınıb. Vinkelmann qeyd edib: "Daxili yanma mühərriklərindən hibrid sistemlərə keçid qərarımız bizim üçün çox vacib idi və bu, özünü doğrultdu."
O, Ferrari-nin addımlarını birbaşa qiymətləndirməkdən çəkinsə də, uğurun açarının innovasiyaların məcburi şəkildə deyil, müştəri tələblərinə uyğun tətbiq edilməsində olduğunu vurğulayıb. Şirkət rəhbərinin sözlərinə görə, bazardakı tələbatın artmaması Lamborghini-ni tam elektrikli avtomobillərdən uzaqlaşdırıb.
Analitiklərin fikrincə, Ferrari Luce-nin anonsundan sonra şirkətin səhmlərinin dəyər itirməsinin əsas səbəbi dizayndır. Apple-ın keçmiş baş dizayneri Coni Ayvın da üzərində işlədiyi bu model, bir çox tənqidçilərə görə, Ferrari-nin ənənəvi estetikasından çox uzaqdır və markanın imicini zədələyir.






