Musiqi dünyasında süni intellektin istifadəsi ilə bağlı mübahisələr davam edir. Son olaraq, “Fenix Flexin”-in ifa etdiyi “Rubberz” mahnısının süni intellekt vasitəsilə yaradıldığına dair şübhələr “Treblo” şirkətinin yeni aləti ilə təsdiqini tapıb. Şirkət, öz modelinin məhsullarını aşkar edə bilən açıq kodlu “Treblo AI Music Classifier” alətini istifadəyə verib.
“Treblo”-nun rəsmi açıqlamasına görə, yeni detektorun yanlış müsbət nəticə vermə ehtimalı 1000-də 1-dən aşağıdır. Şirkətin baş direktoru Ryan Tremblay bildirib ki, “Rubberz” mahnısı üzərində aparılan analiz yüksək etibarlılıq dərəcəsi ilə mahnının demək olar ki, tamamilə onların modeli ilə yaradıldığını göstərir. Bu, süni intellekt tərəfindən hazırlanan və “Billboard Hot 100” siyahısına daxil olan ilk mahnı ola bilər.
“Fenix Flexin” isə mahnının süni intellektlə yaradılması ilə bağlı iddiaları qəti şəkildə inkar edir. İfaçı öz mövqeyini sübut etmək üçün səsyazma sessiyasına aid olduğu iddia edilən video görüntülər paylaşıb. Lakin musiqiçi Medasin və digər tənqidçilər bu videoların saxta olduğunu, “Fenix”-in sadəcə süni intellektin səs ayırıcı (stem separator) funksiyasından istifadə edərək prosesi imitasiya etdiyini iddia edirlər.






