Dünya iqlim sistemi hazırda "La Niña" fazasından neytral vəziyyətə keçid edir. Lakin mütəxəssislərin proqnozlarına görə, iyun ayına qədər 70 faiz ehtimalla "El Niño" fenomeni geri dönəcək. Alimlər bu hadisənin müasir müşahidələr tarixində ən intensiv epizodlardan biri olacağından ehtiyatlanırlar. Gözlənilən "super El Niño" planetin müxtəlif regionlarında rekord dərəcədə isti hava dalğalarına, irimiqyaslı daşqınlara və ciddi hava anomaliyalarına səbəb ola bilər.
Bu iqlim fenomeni necə işləyir?
"El Niño" və "La Niña" Yer kürəsindəki ən mühüm iqlim proseslərindən hesab olunur. Hər iki-yeddi ildən bir dövri olaraq yaranan bu hadisələr demək olar ki, bütün dünyada hava şəraitinə təsir göstərir. "El Niño" Sakit okeanın ekvatorial hissəsində səth sularının istiləşməsi nəticəsində inkişaf edir, istilik şərqə doğru yeridəyişir və atmosferdə yenidən paylanaraq adi iqlim rejimlərini dəyişir. Əksinə, "La Niña" okean sularının soyuması ilə müşayiət olunur və əvvəlki prosesin fəsadlarını qismən kompensasiya edir. Bu fazalar zamanı okean sularının temperatur dalğalanmaları 1-3 dərəcə Selsi arasında dəyişə bilər.
Mütəxəssislər hansı riskləri proqnozlaşdırır?
ABŞ Milli İqlim Proqnozları Mərkəzinin son məlumatlarına əsasən, Yer kürəsi hazırda neytral vəziyyətə doğru irəliləyir. Lakin hesablamalar "El Niño"-nun sürətlə inkişaf etdiyini göstərir. Amerikanın "WFLA-TV" telekanalının baş meteoroloqu Ceff Berardelli bəşəriyyətin müasir tarixdə görünməmiş hava hadisələri ilə qarşılaşa biləcəyini vurğulayıb. Kolumbiya Universitetinin Beynəlxalq İqlim və Cəmiyyət Araşdırmaları İnstitutu bu fenomenin ilin sonunadək davam etmə ehtimalını 94 faiz qiymətləndirir. Eyni zamanda, Böyük Britaniyanın "Met Office" meteorologiya xidməti yeni epizodun XXI əsrin ən güclüsü ola biləcəyini qeyd edib.
1877-ci ilin fəlakəti təkrarlana bilərmi?
Bəzi iqlim modelləri yeni anomaliyanın miqyasına görə 1877-ci ilin fəlakətli "El Niño" hadisəsinə yaxınlaşa biləcəyini ehtimal edir. Həmin tarixi epizod güclü quraqlıq və ekstremal isti hava dalğaları ilə müşayiət olunmuşdu. O dövrdəki sosial sistemlərin bu cür iqlim sarsıntılarına hazır olmaması səbəbindən Hindistan, Çin, Braziliya və Misirdə milyonlarla insanın həyatına son qoyan kütləvi aclıq başlamışdı. Müasir alimlər hesab edirlər ki, bu tarixi nümunə yaxın illərin potensial riskləri haqqında təsəvvür yarada bilər. Dəniz səthinin temperaturu normadan 2 dərəcə Selsi yüksək olduqda bu cür hadisələr "super El Niño" adlandırılır.
Hansı regionlar daha çox təsirə məruz qalacaq?
Kaliforniya Su Ehtiyatları İnstitutunun iqlimşünası Deniel Sueyn bildirib ki, Sakit okeanda qeyri-adi dərəcədə isti yeraltı suların həcmi və intensivliyi hazırda müşahidələr tarixində ən yüksək göstəricilərdən biridir. Adətən, bu fenomen Avstraliya, cənub və mərkəzi Afrika ölkələri, Hindistan və Cənubi Amerikanın bəzi bölgələrində isti hava dalğalarını gücləndirir. Eyni zamanda, ABŞ-ın cənub ştatlarında, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın bəzi regionlarında güclü yağıntılar və daşqınlar müşahidə oluna bilər. Bundan əlavə, anomaliya Atlantik okeanında qasırğa aktivliyini azaldır, Sakit okeanda isə güclü tropik fırtınaların ehtimalını artırır.






