Datamayner və modder Ləns Makdonald, "FromSoftware" tərəfindən hazırlanan kult fentezi RPG oyunu "Demon’s Souls"-un indiyədək heç yerdə yayımlanmayan görüntülərini paylaşıb. Məlum olub ki, "Sony Interactive Entertainment" 2007-ci ilin may ayında öz tərəfdaşları üçün keçirilən "Gameshare 4" tədbirində oyunun erkən prototipini nümayiş etdirib. Bu təqdimat oyunun rəsmi buraxılışından təxminən iki il əvvələ təsadüf edir.
Paylaşılan materiallarda oyunun final versiyasına daxil edilməyən bir sıra maraqlı elementlər diqqət çəkir. Bunların arasında ikinci giriş lokasiyası və "King's Field" oyunundakı kimi birinci şəxs (first-person) baxış bucağı yer alır. Bundan əlavə, Ləns Makdonald qeyd edir ki, ilkin mərhələdə üçüncü şəxs kamerasının idarəetməsi "The Elder Scrolls IV: Oblivion" və ya "Star Wars Jedi Knight" seriyasındakı kimi işləyib; yəni qəhrəmanı kamera istiqamətində çevirmək mümkün olmayıb.
Təqdimat sənədlərinə əsasən, "Sony" əvvəlcə oyunu beynəlxalq bazara çıxarmağı planlaşdırıb və "FromSoftware"-in işi 2008-ci ilin iyununa qədər yekunlaşdıracağı gözlənilirdi. Lakin oyun yalnız 2009-cu ilin fevralında Yaponiyada "PS3" üçün eksklüziv olaraq satışa çıxarıldı. "Sony" o dövrdə layihənin potensialını tam qiymətləndirməsə də, sonradan studiya ilə əməkdaşlığı davam etdirərək "Bloodborne" və 2020-ci ildə "PS5" üçün remeyk versiyasını təqdim edib.






