Cümə günü Çinin "DeepSeek" şirkəti böyük maraqla gözlənilən yeni nəsil "V4" süni intellekt modelinin ilkin versiyasını nümayiş etdirib. Şirkətin açıqlamasına görə, bu açıq mənbəli model "Anthropic", "Google" və "OpenAI" kimi ABŞ rəqiblərinin qabaqcıl qapalı mənbəli sistemləri ilə tam rəqabət apara bilər.
"DeepSeek" bildirir ki, "V4" əvvəlki modellərlə müqayisədə, xüsusən də kodlaşdırma sahəsində böyük sıçrayışdır. Bu xüsusiyyət "ChatGPT Codex" və "Claude Code" kimi alətlərin uğur qazanmasına kömək edən əsas amillərdən biridir. Eyni zamanda, bu buraxılış Çinin çip sənayesi üçün mühüm mərhələ hesab olunur, çünki şirkət yerli "Huawei" texnologiyası ilə uyğunluğu xüsusi olaraq vurğulayıb.
Yeni modelin təqdimatı, ABŞ sistemlərindən qat-qat ucuz başa gəldiyi iddia edilən "R1" modelinin Amerika süni intellekt sənayesini sarsıtmasından bir il sonraya təsadüf edir. Hazırda "DeepSeek" yeni "V4" modelinin təlim xərclərini və hansı aparat təminatından istifadə edildiyini açıqlamayıb. Xatırladaq ki, ABŞ rəsmiləri şirkəti qadağan olunmuş "Nvidia" çiplərindən istifadə etməkdə günahlandırmış, "Anthropic" isə öz məhsullarını təkmilləşdirmək üçün "Claude" sistemindən sui-istifadə edildiyini iddia etmişdi.






