Dünyanın ən varlı insanı İlon Mask xAI və Anthropic startapları arasında “Colossus” məlumat emalı mərkəzinin icarəsi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb. Mask bildirib ki, icarə müqaviləsi altı aylıq müddəti əhatə edir və tərəflər 90 gün öncədən xəbərdarlıq etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilərlər.
Daha əvvəl Anthropic-in aylıq 1,25 milyard dollar ödəmək müqabilində 2029-cu ilin mayına qədər Colossus və Colossus II mərkəzlərindən istifadə hüququ qazandığı güman edilirdi. Lakin SpaceX-in qarşıdan gələn IPO sənədlərində 90 günlük xəbərdarlıq müddəti qeyd olunsa da, 6 aylıq icarə müddəti əvvəllər ictimaiyyətə açıqlanmamışdı.
İlon Mask özünün X sosial şəbəkəsindəki hesabında qeyd edib ki, SpaceX icarəni çoxillik müddətə bağlamaq niyyətində olmayıb. İcarə müqaviləsi təkrar uzadıla bilər, lakin bu, yalnız SpaceX-in özünün hesablama gücünə ehtiyacı olmadığı təqdirdə mümkündür.
“Biz onları çətin vəziyyətdə qoymayacağıq və keçid üçün imkan yaradacağıq, lakin hesablama resurslarında çatışmazlıq yaranarsa, istənilən an girişi geri tələb edəcəyik”, - deyə Mask vurğulayıb. O, həmçinin əlavə edib ki, SpaceX digər böyük müştərilərlə də icarə danışıqları aparır. Qeyd edək ki, SpaceX-in süni intellekt sahəsindəki fəaliyyəti cari ilin birinci rübündə 2,5 milyard dollar əməliyyat zərəri ilə nəticələnib, gəlirlər isə 818 milyon dollar təşkil edib.






