CNN telekanalı Nyu-York məhkəməsində “Perplexity” şirkətinə qarşı iddia qaldırıb. İddiaya görə, süni intellekt platforması CNN-in hazırladığı materialları “sözbəsöz” kopyalayaraq istifadə edir və telekanalın ödənişli abunəlik tələb edən məzmunlarını pulsuz şəkildə təqdim edir.
Məhkəmə sənədində qeyd olunur ki, “Perplexity” CNN-in öz məzmununun skan edilməsinin qarşısını almaq üçün göstərdiyi cəhdləri görməzdən gəlir. İddiaçılar bildirirlər ki, platforma jurnalistlərin böyük əmək sərf edərək hazırladığı xəbərləri icazəsiz və heç bir kompensasiya ödəmədən mənimsəyir.
CNN, “Perplexity”nin süni intellekt alətinin xüsusi bir məqaləni demək olar ki, tam şəkildə təkrarladığını sübut kimi göstərib. Telekanal, 2025-ci ilin oktyabrında “Perplexity” ilə məzmunun istifadəsi ilə bağlı danışıqlar apardıqlarını, lakin şərtlərdə razılığa gələ bilmədikləri üçün noyabr ayında əməkdaşlıqdan imtina etdiklərini bildirib. Buna baxmayaraq, şirkətin CNN-in ticarət nişanlarından və məzmunundan istifadəyə davam etdiyi iddia edilir.
Qeyd edək ki, “Perplexity” hazırda “The New York Times”, “News Corp”, “Reddit” və “Amazon” kimi bir çox iri şirkətlərin də oxşar iddiaları ilə üz-üzədir. “Perplexity”nin sözçüsü Jesse Dwyer isə cavab olaraq “faktların müəllif hüququ ilə qoruna bilməyəcəyini” vurğulayıb.






