Çin Xalq Azadlıq Ordusunun 99-cu ildönümünə həsr olunmuş sənədli filmdə nümayiş etdirilən kadrlar hərbi analitiklərin diqqətini cəlb edib. Videoda görünən nəqliyyat-buraxılış qurğularındakı raketlər, xarakterik pazvari forması və aerodinamik səthləri ilə əvvəllər məlum olan "DF-17" kompleksinə tam uyğunluq təşkil edir. Çəkilişin dəqiq vaxtı və yeri açıqlanmasa da, bu, sistemin döyüşə hazır vəziyyətdə ilk nümayişi kimi qiymətləndirilir.
"DF-17" necə işləyir və niyə təhlükəlidir?
"DF-17" ballistik raket ilə hipersəsli planlaşdırıcı döyüş başlığının birləşməsindən ibarətdir. Buraxılışdan sonra aparat daşıyıcıdan ayrılaraq atmosferdə 5 Max-dan (səs sürətindən 5 dəfə çox) yüksək sürətlə hərəkət edir və uçuş zamanı trayektoriyasını dəyişə bilir. Bu texniki üstünlük, onu ənənəvi ballistik raketlərlə müqayisədə müasir raketdən müdafiə sistemləri üçün aşkar edilməsi və vurulması olduqca çətin hədəfə çevirir.
Strateji əhəmiyyəti nədir?
Hərbi ekspertlərin qiymətləndirmələrinə görə, "DF-17"-nin uçuş məsafəsi 1 800 ilə 2 500 kilometr arasındadır. Bu imkan Çinə Sakit okeanın qərb hissəsindəki hərbi bazaları, komanda məntəqələrini və gəmi qruplaşmalarını hədəfə almaq şansı verir. Kompleks, xarici qüvvələrin potensial münaqişəyə müdaxiləsinin qarşısını almaq məqsədi daşıyan Çinin strateji müdafiə doktrinasının əsas elementlərindən biri hesab olunur.






