Avtomobil sənayesində rəqəmsallaşmanın öncüsü hesab edilən "Tesla" şirkəti bir çox fiziki idarəetmə elementlərini ləğv edərək bütün funksiyaları sensor ekranlara köçürmüşdü. Lakin Çin tənzimləyiciləri bu yanaşmanın təhlükəsizlik riskləri yaratdığını əsas gətirərək, avtomobil istehsalçılarını ənənəvi idarəetmə vasitələrinə qayıtmağa məcbur edir. Yeni qaydalara əsasən, sürücünün yolda diqqətini yayındırmadan istifadə etməli olduğu 19 vacib funksiya fiziki düymələrlə təmin edilməlidir.
Hansı funksiyalar fiziki idarəetməyə keçir?
Çin hakimiyyətinin tələb etdiyi siyahıya təhlükəsizliklə birbaşa bağlı olan əsas funksiyalar daxildir. Bunlara dönmə işıqları, qəza siqnalı, siqnal (klakson), transmissiya rejimləri, şüşəsilənlər, şüşə qızdırıcıları, şüşəqaldıranlar və təcili yardım xidmətinə zəng funksiyaları aiddir. Həmçinin, elektrikli avtomobillər üçün enerji təchizatını kəsən düymənin də fiziki olması tələb olunur.
Bu dəyişiklik nə üçün vacibdir?
Sensor ekranlara inteqrasiya istehsalçılar üçün xərcə qənaət və proqram təminatı vasitəsilə funksionallığı artırmaq imkanı yaratsa da, sürücülər üçün ciddi çətinliklər törədir. Tənzimləyicilər hesab edir ki, kritik vəziyyətlərdə fiziki düymələrin olması sürücünün reaksiya sürətini artırır və qəza riskini azaldır. Bundan əlavə, 1 yanvar 2026-cı il tarixindən etibarən Çində satılan avtomobillərdə qapıların istənilən hava şəraitində və enerjisiz halda belə açılmasını təmin edən mexaniki qapı dəstəkləri də məcburi olacaq.
Qeyd edək ki, yeni qaydalar dərhal bütün modellərə şamil edilməyəcək. Hazırda sertifikatlaşdırılmış avtomobillər öz bazar dövrlərinin sonuna qədər satışda qala biləcəklər. Yeni tələblər yalnız 1 iyul 2027-ci il tarixindən sonra sertifikat alacaq yeni modellər üçün tam məcburi xarakter daşıyacaq.






