Çin mühəndisləri yerin dərinliklərindəki faydalı qazıntıların çıxarılması prosesini kökündən dəyişə biləcək təxminən 500 ton ağırlığında yeni güclü maşını sınaqdan keçiriblər. "Gante Jiliang" (və ya "Polad onurğa") adlandırılan bu avadanlıq, bərk süxurlarda 1000 metrdən çox dərinliyə tam ölçülü şaquli şaxtalar qaza bilən dünyanın ilk tunelqazma maşını kimi təqdim olunur. Diametri səkkiz metrdən çox olan bu nəhəng qurğu ənənəvi üfüqi tunel qazma üsullarından daha səmərəli şaquli qazıntıya keçidi təmin edərək, səthdən bir kilometrdən çox dərinlikdə yerləşən filiz yataqlarına birbaşa çıxış yolları yaradır.
Sözügedən avadanlıq Çinin iri dövlət mühəndislik şirkəti tərəfindən hazırlanıb və artıq ölkənin şimal-şərqindəki dağ-mədən sahəsində istismara verilib. Hazırda bu texnologiyadan əvvəllər iqtisadi cəhətdən səmərəli hasilat üçün çox dərin və ya mürəkkəb hesab edilən dəmir filizi ehtiyatlarına çatmaq üçün istifadə olunur. Səthə yaxın faydalı qazıntı yataqlarının tapılması getdikcə çətinləşdiyindən, bu innovasiya nəhəng və istifadə olunmamış dərin ehtiyatların mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsib.
Layihənin baş konstruktoru Din Çjanfey bildirib ki, qurğunun yaradılması zamanı bir neçə ciddi texniki maneə dəf edilib və nəticədə çox sayda patent alınıb. Digər dərin şaxtaqazma üsullarından fərqli olaraq, "Gante Jiliang" xüsusi olaraq bərk süxurlarda işləmək üçün dizayn edilib. Nəhəng elektrikli matqab kimi şaquli istiqamətdə qazıntı aparan maşın, şaxtanın tam diametrini əhatə edən kəsici başlıqla təchiz olunub. Ən çətin problemlərdən biri isə qazıntı zamanı yaranan böyük həcmdə dağılmış süxur və tullantıların səmərəli şəkildə çıxarılması olub.
Səmərəliliyin artırılması ilə yanaşı, bu texnologiya dağ-mədən sənayesinin ekoloji dinamikasını da müsbət yöndə dəyişə bilər. Yeraltı resurslara daha birbaşa çıxış təmin etməklə, torpaqların deqradasiyasına və ekoloji balansın pozulmasına səbəb olan genişmiqyaslı yerüstü qazıntı ehtiyacını azaldır. Əgər maşın uzunmüddətli perspektivdə özünü doğruldarsa, bu, digər ölkələrdə də analoji innovasiyaları stimullaşdıra və yerin dərinliklərindən resursların hasilatı üçün yeni qlobal standart müəyyən edə bilər.






