“Ars Technica” jurnalistlərinin apardığı sınaqlar göstərir ki, “ChatGPT” artıq Stiven Kinq, C.K. Roulinq və ya Ernest Heminquey kimi yazıçıların üslubunda birbaşa mətn yaratmaqdan imtina edir. Çat-bot bunun əvəzinə müəllifin yaradıcılıq ruhunu əks etdirən, lakin unikal xüsusiyyətlərini təkrarlamayan məzmun təklif edir. Bu dəyişiklik həm yaşayan, həm də dünyasını dəyişmiş müəlliflərin əsərlərinə şamil olunur.
Bu addımın arxasında hüquqi məsələlərin dayandığı ehtimal edilir. “OpenAI” hazırda müəllif hüquqlarının pozulması ilə bağlı bir sıra məhkəmə iddiaları ilə üz-üzədir. İddiaçılar süni intellektin qorunan materiallara həddən artıq bənzər mətnlər yaratmaq qabiliyyətini əsas gətirirlər. ABŞ qanunvericiliyində yazı üslubu birbaşa müəllif hüququ ilə qorunmasa da, “əhəmiyyətli oxşarlıq” məhkəmə çəkişmələrində ciddi arqument kimi çıxış edə bilər.
Amerika Yazıçılar Gildiyası da öz növbəsində süni intellektin başqalarının unikal üslublarını mənimsəmək üçün istifadə edilməsini qınayır. Bu cür təqlidlərin müəlliflərin əməyini dəyərsizləşdirdiyi və qeyri-etik olduğu vurğulanır. Artıq ötən il Lena Makdonald kimi müəlliflərin əsərlərində süni intellekt vasitəsilə başqa yazıçıların üslubunun təqlid edilməsi halları aşkarlanmışdı.
Hazırda süni intellekt bazarı bu məsələyə fərqli yanaşmalar sərgiləyir. “DALL·E 3” və “Perplexity” platformaları da yazıçıların üslubunu kopyalamaqdan çəkinir. Bunun əksinə olaraq, “Google Gemini” bu cür sorğuları sərbəst yerinə yetirir, “Anthropic Claude” və “Microsoft Copilot” isə istifadəçiləri mümkün sui-istifadə halları barədə xəbərdar edərək sorğuları icra edir.






