Süni intellekt texnologiyası olan ChatGPT artıq radikal meylləri olan istifadəçiləri müəyyən edəcək. RADIX.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Layihə çərçivəsində belə şəxslər dünyagörüşlərini korreksiya etmək üçün ixtisaslaşmış çat-botlara yönləndiriləcəklər.
Təhlükəsizlik və yeni tərəfdaşlıq
Bu təşəbbüs artan məhkəmə çəkişmələri fonunda təhlükəsizlik məsələlərinin həllinə yönəlib. Sistemin yaradılmasına "OpenAI", "Anthropic" və "Google" ilə əməkdaşlıq edən Yeni Zelandiyanın "ThroughLine" şirkəti cavabdehdir.
Hazırda bu startap suisid fikirləri, ailə daxili zorakılıq və ya qidalanma problemləri ilə bağlı sorğuları aşkarlayaraq istifadəçiləri təcili psixoloji yardım xidmətlərinə yönləndirməklə məşğuldur. İndi isə həmin funksionallıq radikallaşma ilə mübarizə üçün genişləndiriləcək.
"The Christchurch Call" ilə əməkdaşlıq
"ThroughLine" şirkətinin tərəfdaşı şəbəkədə nifrət yayılmasına qarşı mübarizə aparan "The Christchurch Call" təşkilatı olacaq. Sözügedən təşkilat 2019-cu ildə Yeni Zelandiyada baş vermiş genişmiqyaslı terror hücumundan sonra təsis edilib.
Layihə çərçivəsində "The Christchurch Call" radikal sorğular aşkar edildikdə ekspert məsləhətləri təmin edəcək, "ThroughLine" isə dərhal reaksiya vermək üçün xüsusi çat-bot hazırlayacaq.






