CD Projekt-in həmrəhbəri Mixal Novakovskinin investorlarla keçirdiyi görüşdə verdiyi məlumata görə, The Witcher 4 oyunu üçün genişləndirici paketlərin (DLC) buraxılması planlaşdırılmır. Bu qərar şirkətin yeni "Witcher" trilogiyası ilə bağlı qarşıya qoyduğu iddialı hədəflərlə birbaşa bağlıdır.
Şirkət 2022-ci ildə elan etdiyi qrafikə əsasən, altı il ərzində üç əsas "The Witcher" oyununu bazara çıxarmağı hədəfləyir. Novakovskinin sözlərinə görə, bu qədər sıx bir iş qrafiki ilə yeni oyunlara əlavə məzmunlar hazırlamaq texniki və strateji baxımdan çətinlik yaradır.
Hazırda Unreal Engine 5 mühərriki ilə hazırlanan The Witcher 4 layihəsi üzərində CD Projekt Red-in 975 əməkdaşından 513-ü aktiv şəkildə çalışır. Oyunun 2027-ci ildən tez olmayaraq PC və cari nəsil konsollar üçün satışa çıxarılması gözlənilir.
Qeyd edək ki, 11 il əvvəl işıq üzü görən The Witcher 3: Wild Hunt üçün isə şirkət hələ də dəstəyi davam etdirir. Oyunun üçüncü süjet əlavəsi olan "Songs of the Past" ("Keçmişin balladaları") 2027-ci ildə PC, PS5 və Xbox Series X/S platformaları üçün təqdim ediləcək.






