"The Witcher 3: Wild Hunt" oyununun sistem tələblərinin artırılması ilə bağlı yayılan xəbərlər oyunçular arasında müzakirələrə səbəb olub. Yeni "Songs of the Past" (Bəlladalar keçmişdən) adlı süjet əlavəsinin çıxışı ilə oyunun Windows 10, HDD (sərt disklər) dəstəyini itirəcəyi və Windows 11 ilə uyğun olmayan prosessor və videokartlarda işləməyəcəyi bildirilmişdi.
CDPR-in oyun təcrübəsi və təhlükəsizlik şöbəsinin rəhbəri Karolina Nevenqlovska məsələyə münasibət bildirib. O qeyd edib ki, sistem tələblərinin dəyişməsi oyunun Windows 10-da mütləq şəkildə işləməyəcəyi mənasına gəlmir. Studiya sadəcə olaraq, artıq Windows 10-u test proseslərində istifadə etmədiyi üçün oyunun bu əməliyyat sistemində stabil işləməsinə zəmanət verə bilmir.
Nevenqlovska həmçinin xatırladıb ki, oyunçuların köhnə versiyalara qayıtmaq imkanı qalacaq: "Bizim məqsədimiz sizə ən yaxşı təcrübəni təqdim etməkdir, lakin istifadə etmədiyimiz bir əməliyyat sistemi üçün bunu təmin edə bilmərik".
Xatırladaq ki, "Songs of the Past" əlavəsinin 2027-ci ildə PC, PS5, Xbox Series X və S platformalarında buraxılması gözlənilir. Oyun haqqında ətraflı məlumatın yay aylarının sonunda açıqlanacağı planlaşdırılır.






