"CD Projekt Red" şirkətinin həm-rəhbəri Mixal Novakovski 2026-cı ilin ilk yarısı üçün təqdim etdiyi maliyyə hesabatında süni intellektin oyun istehsalındakı rolu ilə bağlı mövqeyini yenidən açıqlayıb. O, şirkətin oyun hazırlama prosesində hələ də əsasən insan resurslarına güvəndiyini və bu strategiyadan imtina etməyəcəklərini bildirib.
Mixal Novakovski qeyd edib ki, süni intellekt müəyyən sahələrdə faydalı bir alət kimi istifadə edilə bilər, lakin tammiqyaslı oyunların yaradılmasında ona arxalanmaq planlaşdırılmır. Onun sözlərinə görə, "CD Projekt Red" tərəfindən hazırlanan oyunların mürəkkəbliyi süni intellektin təkbaşına öhdəsindən gələ biləcəyi bir proses deyil.
"The Witcher 4" layihəsinin hazırkı vəziyyəti necədir?
Hazırda şirkətin əsas prioriteti olan "The Witcher 4" layihəsi aktiv istehsal mərhələsindədir. Layihədə studiyanın ümumi heyətinin demək olar ki, yarısı – 1045 əməkdaşdan 519-u iştirak edir. Oyunun 2028-ci ildə PC, PS5, Xbox Series X və S platformaları üçün satışa çıxarılması gözlənilir.
Yeni trilogiyanın başlanğıcı hesab olunan bu oyun, şirkət tarixinin ən iddialı və genişmiqyaslı layihəsi kimi təqdim edilir. Yaradıcılar oyunçulara nəhəng bir dünya, gərgin oyun prosesi və dərin süjet xətti vəd edirlər.






