Polşanın oyun studiyası olan CD Projekt Red, “The Witcher 3: Wild Hunt” oyununun məşhur “Blood and Wine” əlavəsinin 10 illik yubileyi şərəfinə xüsusi bir yayım keçirəcəyini açıqlayıb. “REDstreams” adlı tədbir mayın 28-də, Bakı vaxtı ilə saat 19:00-da YouTube və Twitch platformaları vasitəsilə yayımlanacaq.
Studiyanın rəsmi açıqlamasında bildirilir ki, komanda “cəsur döyüşçülər, şərab və vampirlər diyarına” qayıdaraq bu tarixi qeyd etmək niyyətindədir. Lakin rəsmi məlumatda hər hansı yeni anons barədə qeyd olmasa da, oyunçu kütləsi bu yayımda “The Witcher 3” üçün gözlənilən üçüncü əlavənin təqdim olunacağına inanır.
Müzakirələr və iddialar
Sosial şəbəkələrdə və oyun forumlarında yayılan şayiələrə görə, yeni əlavənin hazırlanması prosesində “The Witcher” oyununun remeyki üzərində işləyən “Fool's Theory” studiyasının iştirakı mümkündür. Bundan əlavə, CD Projekt-in mart ayındakı maliyyə hesabatı və “Yigsoft” studiyasının proqramçılarının verdiyi məlumatlar da yeni məzmunun hazırlanması ehtimalını gücləndirir.
Xatırladaq ki, 31 may 2016-cı ildə işıq üzü görən “Blood and Wine” genişlənməsi həm tənqidçilər, həm də oyunçular tərəfindən yüksək qiymətləndirilmişdi. Həmin əlavənin sonunda baş qəhrəman Geraltın macəralarına nöqtə qoyulmuşdu.






