Hyundai-ın tərkibində fəaliyyət göstərən Boston Dynamics şirkətinin istehsalı olan Atlas adlı insanabənzər robot futbol texnikalarını mənimsəyərək çətin bir zərbə nümayiş etdirib. Bu addım avtomobil istehsalçısının Dünya Çempionatı ərəfəsində yayımladığı video silsiləsinin yekunu olub.
Yayımlanan videoda Atlas “xəyali rabona” (Ghost Rabona) adlanan zərbəni yerinə yetirir. Robot əvvəlcə sol ayağı ilə topa zərbə endirəcəyi təəssüratını yaradır, daha sonra isə sağ ayağını digər ayağının arxasından keçirərək topa vurur. Bu mürəkkəb manevr zamanı robot tarazlığını qorumağı bacarıb.
Video Hyundai Motor-un YouTube kanalında yer alan beş hissəli “Futbol məktəbi” (School of Football) silsiləsinin bir hissəsidir. Şirkət bu yolla robototexnikanın çatdığı səviyyəni göstərməyi hədəfləyib. Robotun performansı hətta peşəkar futbolçuları da təəccübləndirib. Cənubi Koreya milli komandasının kapitanı Son Hyn-Min robotun bacarığını yüksək qiymətləndirərək, onun orta səviyyəli oyunçudan daha yaxşı olduğunu bildirib.
Hyundai qeyd edib ki, videoların çəkilişində heç bir kompüter effektindən istifadə olunmayıb. Yeni nəsil Atlas robotu insan hərəkətlərini müstəqil şəkildə öyrənib təkrar edə bilir. Bu uğurlu kampaniya şirkətin avtomobil biznesindəki mənfəət azalmasına baxmayaraq, investorlarda gələcəyə dair nikbinlik yaradıb.






