"BMW" şirkəti ilk dəfə 2022-ci ildə keçirilən CES sərgisində "Kindle" elektron kitab oxuyucularında istifadə olunan boz rəngli "E Ink" panellərinə malik "BMW iX Flow" konseptini nümayiş etdirmişdi. Daha sonra bu texnologiya rəngli panellərlə təchiz edilmiş "BMW i Vision Dee" və "BMW i5 Flow Nostokana" modelləri ilə təkmilləşdirildi. İndi isə 2026-cı ildə Pekin Avtosalonunda nümayiş olunan "BMW iX3 Flow Edition" konsepti bu innovativ ideyanı real istehsala daha da yaxınlaşdırır.
Əvvəlki konseptlərdə avtomobilin bütün gövdəsi xüsusi ölçü və formalara malik "E Ink" panelləri ilə örtülürdü ki, bu da kütləvi istehsal üçün həm qeyri-praktik, həm də dözümsüz idi. Lakin yeni "BMW iX3 Flow Edition" modelində "E Ink Prism" texnologiyası sadəcə səthə yapışdırılmır, birbaşa avtomobilin kapot panelinin strukturuna inteqrasiya edilir. "E Ink" şirkətinin açıqlamasına görə, bu yeni yanaşma "BMW"-nin sərt keyfiyyət sınaqlarından uğurla keçərək avtomobil mühəndisliyi və gündəlik istifadə tələblərinə tam cavab verir.
Hazırda "BMW iX3 Flow Edition" modelinin rəngdəyişmə imkanları yalnız kapot hissəsi ilə məhdudlaşır. Sürücü xüsusi düymə vasitəsilə 8 fərqli animasiya (görünür, yalnız boz rəng palitrasında) arasında seçim edə bilər. Baxmayaraq ki, bu, "BMW"-nin illərdir vəd etdiyi tam rəngi dəyişən avtomobil deyil və hələlik satışda yoxdur, texnologiyanın daha praktik və funksional hala gətirilməsi onun tezliklə konsept mərhələsini geridə qoyacağına işarə edir.






