Pekin avtomobil sərgisində "BMW" şirkəti rəngini dəyişən kapota malik "BMW iX3 Flow Edition" konseptini nümayiş etdirib. Almaniya avtoistehsalçısı 2022-ci ildən bəri "E Ink" şirkəti ilə birlikdə "elektron mürəkkəb" texnologiyası üzərində çalışır. Yeni konseptdə bu texnologiya yalnız avtomobilin kapotuna tətbiq edilsə də, real istismar şərtlərinə daha yaxşı uyğunlaşdırılıb. İnteraktiv panel birbaşa avtomobilin salonundan idarə olunur.
Texnologiyanın əsasını elektrik siqnalı vasitəsilə rəngini dəyişə bilən milyonlarla mikrokapsul təşkil edir. Statik vəziyyətdə panel heç bir elektrik enerjisi sərf etmir və bu da avtomobil dayandıqda akkumulyatorun boşalmasının qarşısını alır. Hazırkı konseptdə səkkiz fərqli monoxrom naxış mövcuddur və onları maşının əsas idarəetmə panelindən asanlıqla dəyişmək mümkündür. Həmçinin, bu xüsusi örtük əyri səthlərə də rahatlıqla yerləşdirilə bilir.
İstehsalçı qeyd edir ki, interaktiv panelin bu nəsli "BMW" keyfiyyət standartlarına zərər vermədən kütləvi istehsala və gündəlik istifadəyə tam hazırdır. Buna baxmayaraq, şirkət bu eksteryer elementinin seriyalı avtomobillərdə nə vaxt tətbiq olunacağı barədə dəqiq tarix açıqlamayıb. Lakin texnologiyanın gələcək nəsil nəqliyyat vasitələrində kütləvi şəkildə istifadəyə imkan verəcək səviyyədə təkmilləşdirildiyi vurğulanır.






