Ceff Bezosun kosmik şirkəti üçün ciddi uğursuzluq yaşanıb. "New Glenn" raketi Florida ştatındakı Kanaveral burnunda yerüstü sınaqlar zamanı partlayıb. Hadisə nəticəsində göy üzünü narıncı rəngli nəhəng alov topu bürüyüb, yaxınlıqdakı yaşayış məntəqələrində isə titrəyişlər hiss olunub.
Partlayış yerli vaxtla saat 21:00 radələrində, növbəti həftəyə planlaşdırılan peyk buraxılışı üçün mühərriklərin sınaqdan keçirildiyi zaman baş verib. Kanaveral və Kokoa-Biç sakinləri güclü partlayış səsləri və evlərini silkələyən təkanlar barədə məlumat veriblər. Blue Origin şirkəti hadisə zamanı heç kimin xəsarət almadığını təsdiqləyib.
Ceff Bezos sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama verərək bildirib: "İlkin səbəb haqqında danışmaq hələ tezdir, lakin biz artıq onu tapmaq üçün çalışırıq. Çox çətin gündür, lakin biz lazım olan hər şeyi bərpa edəcəyik və uçuşlara qayıdacağıq".
Bu hadisə, artıq bir sıra texniki problemlərlə üzləşən "New Glenn" proqramı üçün növbəti ciddi sınaq olub. 98 metrlik raket NASA-nın Ay missiyalarına dəstək vermək və kommersiya kosmik bazarında rəqabət aparmaq üçün nəzərdə tutulub. Şirkət hazırda NASA-nın "Artemida" proqramı üçün hazırlanan Ay eniş modulunun prototipi ilə payızda həyata keçiriləcək mühüm uçuş sınaqlarına hazırlaşırdı.






