Avropa Kosmik Agentliyi (ESA), Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddəti başa çatdıqdan sonra orbitdəki fəaliyyətini davam etdirmək üçün strateji addım atıb. Parisdə keçirilən Beynəlxalq Kosmik Sammit çərçivəsində qurum "Axiom Space" və "Starlab" şirkətləri ilə gələcək kommersiya stansiyalarından istifadə imkanlarını qiymətləndirmək üçün ilkin razılaşmalar imzalayıb.
"Axiom Space" ilə imzalanan anlaşma memorandumu, ESA astronavtlarının "Axiom Station"-a uçuşlarını, birgə elmi tədqiqatların aparılmasını və infrastrukturun yaradılmasında Avropa təşkilatlarının iştirakını nəzərdə tutur. Həmçinin, tərəflər açıq kosmosa çıxış üçün birgə hazırlıq məşqlərinin keçirilməsini planlaşdırırlar ki, bu təlimlərin bir hissəsi Köln şəhərində yerləşən Avropa Astronavtlar Mərkəzində baş tuta bilər.
Hansı elmi imkanlar nəzərdə tutulur?
"Starlab" ilə əldə olunan niyyət məktubu isə astronavtların uçuşları ilə yanaşı, orbital laboratoriyalardan istifadəni də əhatə edir. Avropa alimləri üçün 30-dan 180 günə qədər davam edəcək eksperimentlər üçün xüsusi iş yerləri, inkubatorlar və bitki yetişdirmə qurğuları kimi avadanlıqların təmin edilməsi müzakirə olunur.
ESA eyni zamanda özünün "ALADDIN" nəqliyyat sistemini inkişaf etdirir. Bu layihə çərçivəsində "The Exploration Company" tərəfindən hazırlanan "Nyx" yük gəmisi BKS-ə sınaq uçuşu həyata keçirməyə hazırlaşır. Gələcəkdə bu aparatların kommersiya stansiyalarına xidmət göstərməsi də istisna edilmir.






