ABŞ-ın aparıcı mobil operatorları "AT&T", "T-Mobile" və "Verizon" ölkə daxilində mobil şəbəkənin tutmadığı "ölü zonaları" tamamilə aradan qaldırmaq üçün ilkin razılığa gəliblər. Yeni yaradılacaq ortaq müəssisə çərçivəsində bu üç nəhəng şirkət ucqar ərazilərdə əhatə dairəsini genişləndirmək məqsədilə öz yerüstü tezlik resurslarını birləşdirəcək. Tərəflər hələlik detalları tam açıqlamasa da, əsas hədəfin simsiz və peyk məhsulları üçün ən yaxşı ekosistemi yaratmaq olduğu bildirilir.
Razılaşmaya əsasən, şirkətlər müştərilər və peyk şəbəkəsi operatorları üçün vahid texniki standart hazırlayacaqlar. Əhatə dairəsindəki boşluqları doldurmaq və bağlantı keyfiyyətini artırmaq üçün birbaşa cihaza (D2D) peyk texnologiyalarına irihəcmli investisiyalar yatırılacaq. "AT&T" şirkətinin baş direktoru John Stankey qeyd edib ki, əsas məqsəd kənd yollarında, milli parklarda, qayıqlarda və ya fövqəladə hallar zamanı insanların kəsintisiz rabitə ilə təmin olunmasıdır. O, digər operatorlarla birləşərək müştərilərin hər yerdə etibarlı şəbəkəyə çıxışını sürətləndirəcəklərini vurğulayıb.
Qeyd edək ki, təklif olunan bu ortaq müəssisə çərçivəsində mövcud operator-peyk müqavilələri öz qüvvəsini qoruyub saxlayacaq. Hazırda layihə "AT&T", "T-Mobile" və "Verizon" arasında yekun danışıqlar və bağlanma şərtlərinin razılaşdırılması mərhələsindədir. Əgər bu təşəbbüs uğurla reallaşarsa, ənənəvi mobil şəbəkələrin əhatə edə bilmədiyi ərazilərdəki istifadəçilər daha güclü və etibarlı peyk rabitəsindən yararlana biləcəklər.






