Maks Plank adına Radioastronomiya İnstitutunun rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu "Mrk 501" blazarını müşahidə edərkən gözlənilməz kəşfə imza atıb. Alimlər obyektin mərkəzində bir deyil, eyni anda iki plazma axınının (cet) olduğunu müəyyən ediblər. Bu nəticəyə gəlmək üçün komanda 12 il ərzində "VLBA" teleskoplar şəbəkəsi vasitəsilə 43 QHs tezliyində toplanmış 83 məlumat toplusunu analiz edib. Əldə edilən məlumatlar daha aşağı tezliklərdəki əvvəlki müşahidələrlə müqayisə olunub və obyektin təbiəti barədə yeni fərziyyələr irəli sürülüb.
Tədqiqat zamanı əvvəllər məlum olan "Jet 1" axınından əlavə, "Jet 2" adlandırılan ikinci bir axın da qeydə alınıb. Ən təəccüblüsü odur ki, bu ikinci axın mərkəzi nüvənin əks tərəfindən başlayaraq saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Hətta 2022-ci ilin iyununda "Jet 2" qövs şəklində əyilərək qravitasiya linzalanması effekti olan "Eynşteyn halqası"nı xatırladıb. Yüksək tezliklərdə (43 QHs) bütün axın sistemi daha aşağı tezliklərlə (15 və 8 QHs) müqayisədə saat əqrəbi istiqamətində yerdəyişməyə məruz qalıb.
Bu qeyri-adi hərəkətin səbəbi nədir?
Alimlər bütün strukturun eninə rəqslərinin təxminən 7 illik bir dövrə malik olduğunu və ümumi şüalanma axınındakı dəyişikliklərdə də oxşar (7,4 il) periodun olduğunu aşkar ediblər. Nüvənin pulsasiyasında isə daha qısa – təxminən 121 günlük ritm müşahidə olunub. Tədqiqatçılar bu mürəkkəb mənzərəni "Mrk 501" mərkəzində yerləşən qoşa ifrat kütləli qara dəlik sistemi ilə izah edirlər. Daha böyük kütləli birinci qara dəlik "Jet 1" axınını yaradır və "linza" rolunu oynayır, ikinci qara dəlik isə onun ətrafında fırlanaraq "Jet 2" axınını əmələ gətirir.
Qara dəliklərin xüsusiyyətləri nələrdir?
Astronomların hesablamalarına görə, bu cütlükdəki qara dəliklərin hər birinin kütləsi 100-800 milyon Günəş kütləsinə bərabərdir. Onlar bir-birindən sadəcə bir neçə yüz qravitasiya radiusu məsafəsində yerləşirlər. Bucaq məsafəsi çox kiçik olduğu üçün hətta "Event Horizon Telescope" kimi ən güclü teleskoplar belə onları ayrı-ayrılıqda görə bilmir. Lakin gələcəkdə "SKA" teleskopu vasitəsilə bu sistemdən gələn qravitasiya dalğalarını qeydə almaq mümkün ola bilər.
İndiyədək blazarların nüvələrindəki fərdi axınları presessiya ilə izah etməyə çalışsalar da, heç kim eyni anda iki aydın axın görməmişdi. Bu kəşf təkcə "Mrk 501" blazarının çoxdankı sirrini açmır, həm də ifrat kütləli qara dəlik cütünün yaxınlaşmasının ən son mərhələsini canlı izləmək üçün nadir imkan yaradır. Tədqiqatın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunmaq üçün qəbul edilib.






