"Ask.com" (əvvəlki adı ilə "Ask Jeeves") axtarış sistemi və sual-cavab xidməti fəaliyyətini dayandırıb. Xidmətin sahibi olan "IAC" holdinqi axtarış biznesini bağlamaq qərarına gəlib. 1996-cı ildə yaradılan "Ask Jeeves" istifadəçilərin təbii dildə verdiyi sualları cavablandırırdı. Bu xüsusiyyətinə görə onu müasir süni intellekt çat-botlarının sələflərindən biri hesab etmək olar. Fəaliyyət göstərdiyi müddətin böyük hissəsində servis "Google"un kölgəsində qalıb.
"Ask.com" saytında istifadəçilər üçün vida mesajı yayımlanıb. Mesajda deyilir:
"IAC prioritet istiqamətlərə diqqət yetirməyə davam etdiyi üçün, Ask.com da daxil olmaqla axtarış biznesini dayandırmaq qərarına gəldik. Bütün dünyadan gələn sualları cavablandırdığı 25 ildən sonra Ask.com rəsmən 1 may 2026-cı ildə bağlandı."Vida səhifəsində həmçinin "Civsin ruhunun yaşadığı" qeyd olunub.
"IAC" holdinqi "Ask Jeeves"i 2005-ci ildə alıb və qısa müddət sonra "Civs" sözünü addan çıxarıb. 2010-cu ilə qədər şirkət axtarış məhsulunu ləğv edərək sual-cavab formatına keçib. Həmin il "IAC" direktorlar şurasının sədri Barri Diller (Barry Diller) "TechCrunch Disrupt" konfransında bildirmişdi ki, "Ask.com" "Google" ilə rəqabət apara bilmir və holdinqin birja qiymətləndirməsində nəzərə alınmır. Qeyd edək ki, bundan bir həftə əvvəl Rusiya internet seqmentinin məşhur saytlarından olan "Udaff.com" da fəaliyyətini dayandırıb.






