Ayın ətrafında tarixi uçuş həyata keçirən "Artemis II" missiyasının heyəti cümə günü baş tutacaq ən vacib mərhələyə — su səthinə enişə yaxınlaşır. İndiyədək Yerdən ən uzaq məsafəyə səyahət edən amerikalı astronavtlar Rid Vayzman, Viktor Qlover, Kristina Kox və kanadalı Ceremi Hansen yerli vaxtla saat 17:07-də (Moskva vaxtı ilə 11 aprel, 03:07-də) San-Dieqo sahillərində Sakit okeana eniş etməlidirlər.
"NASA" rəsmisi Amit Kşatriya bildirib ki, missiyanın uğurundan yalnız astronavtlar sağ-salamat evə qayıtdıqdan və gəminin tibb bölməsinə yerləşdirildikdən sonra danışmaq mümkün olacaq. 2022-ci ildə həyata keçirilən pilotsuz "Artemis I" missiyası zamanı istilik qalxanı ilə bağlı yaranmış problemlər səbəbindən bu mərhələ xüsusilə riskli hesab edilir. Atmosferə daxil olarkən "Orion" kapsulu təxminən 2760 dərəcə Selsi temperatura tab gətirməli olacaq. Astronavtlar saniyədə 10 657 metr (səs sürətindən 30 dəfə çox) sürətlə Yerə doğru hərəkət edəcəklər.
Riskləri minimuma endirmək üçün "NASA" atmosferə giriş trayektoriyasını dəyişdirib. Kşatriya mühəndislik məlumatlarına və əvvəlki sınaqlara əsaslanaraq sistemin etibarlılığına əmin olduğunu vurğulayıb. "NASA" nümayəndəsi Lakişa Hokins bunun bir sınaq uçuşu olduğunu və Aya getməyin heç də asan olmadığını xatırladıb. Missiya komandiri Vayzman isə insanları Yeri Kainatın xüsusi bir yerində qərarlaşan gözəl bir planet kimi qiymətləndirməyə çağırıb.






