Bloomberg-in məlumatına görə, Apple şirkəti ağıllı eynəklər bazarında yalnız Meta kimi rəqibləri ilə deyil, bütövlükdə eynək sənayesi ilə mübarizə aparmağı planlaşdırır. Şirkət Apple Watch-u bazara çıxararkən necə ki, Pebble və Motorola ilə yanaşı, Swatch, Fossil və Seiko kimi ənənəvi brendləri də hədəf almışdısa, eynək bazarında da oxşar strategiya izləyəcək.
Apple-ın ağıllı eynəklərinin 200-500 dollar qiymət aralığında Oakley, Ray-Ban və Warby Parker kimi tanınmış brendlərə rəqib olması gözlənilir. Eynək bazarının illik 180-200 milyard dollar dəyərində olduğu təxmin edilir ki, bu da saat bazarından daha böyük bir potensial deməkdir.
Şirkət bu dəfə lüks seqmentə yönəlməyəcək. Cartier və Matsuda kimi brendlərin dominantlıq etdiyi yüksək qiymətli lüks bazarında Apple-ın keçmişdə qızıl Apple Watch ilə uğursuz təcrübəsi olub. Bu səbəbdən, yeni strategiya kütləvi istehlakçılara fokuslanacaq.
Apple-ın əsas üstünlükləri kimi aşağıdakılar qeyd olunur:
- Güclü brend imici və sənaye dizaynı;
- iPhone ilə mükəmməl inteqrasiya;
- 2 milyarddan çox aktiv cihazdan ibarət ekosistem;
- Qlobal pərakəndə satış şəbəkəsi;
- İstifadəçilərə ətraf mühitlə qarşılıqlı əlaqədə kömək edəcək süni intellekt funksiyaları.






