Texnologiya dünyasının nəhəngi "Apple" smart ev texnologiyaları sahəsindəki mövqeyini gücləndirmək üçün maraqlı bir layihəyə imza atır. Mark Gurman-ın "Power On" podkastında verdiyi məlumata görə, şirkət "J450" kod adı altında yeni bir təhlükəsizlik kamerası hazırlayır. Bu cihaz ənənəvi kameralardan fərqli olaraq, video görüntülər qeyd etmir və saxlamır.
Yeni qurğu ev daxilində və ətrafında baş verən hadisələri süni intellekt vasitəsilə analiz edir. Cihazın əsas funksiyası vizual görüntü ötürmək deyil, yalnız baş verən hadisələr haqqında istifadəçiyə mətn formatında məlumat verməkdir. "Apple" bu yanaşma ilə həm məxfilik standartlarını qorumağı, həm də istifadəçilərə daha sadə təhlükəsizlik həlli təqdim etməyi hədəfləyir.
Kameranın dizaynı silindrik formada olub, "J490" smart ev displeyi ilə birgə işləyəcək şəkildə layihələndirilib. Cihazın daxilindəki sensorlar "Sony IMX500" texnologiyasına bənzər şəkildə, bütün emal prosesini birbaşa cihazın daxilində (on-device) həyata keçirir. Bu texnologiya sayəsində görüntülərin bulud sisteminə ötürülməsinə və ya saxlanılmasına ehtiyac qalmır.
Sistem üz tanıma funksiyasına sahib olacaq və otağa kimin daxil olduğunu müəyyən edə biləcək. Lakin istifadəçi heç bir halda video görüntüyə çıxış əldə etməyəcək. Bu yenilik, "Apple Home" sistemindəki mövcud "Detect Activity" funksiyasının daha təkmil və müstəqil versiyası kimi qiymətləndirilir.






