“Apple” şirkətinin baş direktoru Tim Kuk son açıqlamalarında qiymət artımlarının “qaçılmaz” olduğunu və mövcud qiymət siyasətinin “davamlı olmadığını” bildirib. Bu qərarın birbaşa təsiri artıq hiss olunur: 16 düymlük “MacBook Pro”nun qiyməti 300 ABŞ dolları, 11 düymlük “iPad Air”in qiyməti isə 599 ABŞ dollarından 749 ABŞ dollarına yüksəlib. Hətta “HomePod Mini”nin qiyməti də 30 ABŞ dolları artaraq 129 ABŞ dollarına çatıb.
Süni intellekt yarışı və RAM qıtlığı
Karnegi Mellon Universitetinin professoru Tim Derdenger-in sözlərinə görə, bu bahalaşma “əsas iqtisadi qanunauyğunluqdur”. Texnologiya nəhəngləri süni intellekt sahəsində üstünlük qazanmaq üçün yarışdıqca, yaddaş çiplərinə (RAM) olan tələbat kəskin artıb. İstehsalçılar öz resurslarını istehlakçı cihazları üçün nəzərdə tutulan DDR5 yaddaşlarından, süni intellekt mərkəzləri üçün lazım olan HBM yaddaşlarına yönəldiblər.
NYU Stern Biznes Məktəbinin professoru Srikanth Jagabathula qeyd edir ki, bu, müvəqqəti təchizat problemi deyil. Şirkətlər süni intellekt serverlərində istifadə olunan çiplərdən daha çox gəlir əldə etdikləri üçün, istehlakçı cihazlarını ikinci plana keçirirlər. “OpenAI”, “Google” və “Microsoft” kimi şirkətlərin süni intellekt sahəsinə yatırdığı nəhəng vəsaitlər, RAM bazarında qlobal çatışmazlıq yaradıb.
Səhmdarların təzyiqi və gəlir marjaları
“Apple” şirkətinin rekord mənfəət əldə etməsinə və yüksək gəlir marjalarına (iPhone 17 Pro üçün 47 faizə qədər) baxmayaraq, qiymətləri artırması suallar doğurur. Karnegi Mellon Universitetinin professoru Ari Lightman hesab edir ki, bu addım ilk növbədə səhmdarları razı salmaq məqsədi daşıyır. Şirkət süni intellekt yarışında geri qalması və yeni hit məhsul kateqoriyasının olmaması səbəbindən investorlara davamlı artım hekayəsi təqdim etməyə məcburdur.






