Bazar ertəsi yayımlanan rəsmi açıqlamaya əsasən, "Apple" şirkəti dərhal qüvvəyə minmək şərtilə Johny Srouji-ni aparat təminatı üzrə yeni baş direktor təyin edib. O, bu vəzifədə John Ternus-u əvəz edəcək. Qeyd edək ki, John Ternus bu ilin sentyabr ayında Tim Cook-un yerinə keçərək şirkətin yeni baş icraçı direktoru (CEO) olacaq, Tim Cook isə idarə heyətinin sədri vəzifəsini icra edəcək.
Keçən ilin dekabr ayında Johny Srouji şirkətdəki gələcəyini dəyərləndirdiyinə dair yayılan şayiələrə baxmayaraq, komandasına yaxın zamanda heç yerə getməyəcəyini bildirmişdi. Son bir il ərzində Tim Cook-un xələfi ilə bağlı gəzən söz-söhbətlər fonunda "Apple" rəhbərliyində başqa mühüm dəyişikliklər də baş verib. Belə ki, Sabih Khan əməliyyatlar üzrə baş direktor vəzifəsində Jeff Williams-ı, Amar Subramanya isə süni intellekt bölməsinin rəhbəri kimi John Giannandrea-nı əvəz edib.
"Apple" ailəsinə 2008-ci ildə qatılan Johny Srouji, bundan əvvəl aparat texnologiyaları üzrə baş vitse-prezident vəzifəsində çalışıb. O, A4 çipindən başlayaraq şirkətin daxili prosessorlarının istehsalına rəhbərlik edib. Həmçinin, batareyalar, kameralar, yaddaş nəzarətçiləri, sensorlar, ekranlar və mobil modemlər kimi bir çox mühüm texnologiyaların inkişafında əvəzsiz rol oynayıb.
Şirkətin hazırkı rəhbəri Tim Cook yeni təyinatla bağlı verdiyi açıqlamada bu sözləri qeyd edib:
"Johny birlikdə işləmək şərəfinə nail olduğum ən istedadlı insanlardan biridir. O, "Apple" şirkətinin silikon strategiyasının idarə edilməsində müstəsna rol oynayıb və onun təsiri təkcə şirkət daxilində deyil, bütün sənayedə dərindən hiss olunub."






