"Apple" şirkəti müştəriləri "Apple Intelligence" funksiyalarının mövcudluğu ilə bağlı yanıltdığına görə qaldırılan kollektiv məhkəmə iddiası üzrə 250 milyon ABŞ dolları ödəməyə razılıq verib. Təklif edilən bu razılaşma 10 iyun 2024-cü il və 29 mart 2025-ci il tarixləri arasında ABŞ-da bütün "iPhone 16" modellərini və "iPhone 15 Pro" smartfonlarını almış şəxslərə şamil ediləcək.
2025-ci ildə qaldırılan məhkəmə iddiasında qeyd olunurdu ki, şirkətin reklamları "Apple Intelligence" imkanlarının "iPhone 16"nın təqdimatı ilə eyni vaxtda istifadəyə veriləcəyi barədə istehlakçılarda "aydın və əsaslı gözlənti" yaradıb. İddiaçılar bildirirdilər ki, "Apple" məhsulları süni intellektin əhəmiyyətli dərəcədə məhdud və ya tamamilə mövcud olmayan versiyasını təqdim edərək, onun real faydalılığı və performansı barədə istifadəçiləri aldadıb.
Xatırladaq ki, "Apple" bəzi süni intellekt funksiyalarını "iPhone 16" satışa çıxarıldıqdan həftələr sonra təqdim etmiş, daha fərdiləşdirilmiş "Siri"nin buraxılışını isə gecikdirmişdi. Yenilənmiş səsli asistanın bu ilin sonlarında istifadəyə verilməsi gözlənilir. Ötən ilin aprel ayında Milli Reklam İdarəsi şirkətə "Apple Intelligence" üçün istifadə etdiyi "hazırda mövcuddur" ifadəsini dayandırmağı və ya dəyişdirməyi tövsiyə etmişdi.
Bundan əlavə, texnologiya nəhəngi aktyor Bella Ramsey-in süni intellektlə təkmilləşdirilmiş "Siri"dən istifadə etdiyini göstərən "iPhone 16" reklamını da yayımdan qaldırmışdı. "The Verge" nəşrinin məsələ ilə bağlı şərh sorğusuna "Apple" hələlik heç bir rəsmi cavab verməyib.






