"Apple" şirkəti Çin Dövlət İnternet İnformasiya İdarəsinin (CAC) tələbi ilə "Bitchat" tətbiqini Çin "App Store" və "TestFlight" platformalarından silib. Qərara səbəb kimi ictimai təsirə malik xidmətlərin yayılması qaydalarının pozulması göstərilib.
Cek Dorsi tərəfindən hazırlanmış bu tətbiq, avtorizasiya tələb etməyən və "Bluetooth Low Energy" texnologiyasına əsaslanan mərkəzləşdirilməmiş messencerdir. Platforma məlumatların şifrələnməsi və onların tamamilə silinməsi funksiyalarını təklif edir. Lakin CAC tərəfindən "Bitchat" informasiya idarəetməsi və ictimai nəzarət normalarını pozan vasitə kimi qiymətləndirilib.
"Apple" nümayəndələri yerli qanunvericiliyə və cinayətkar davranışa kömək edən xidmətlərin qadağan edilməsini nəzərdə tutan daxili "App Store" qaydalarına riayət etməyin vacibliyini təsdiqləyiblər. Çin hökuməti ənənəvi olaraq ölkə daxilində məlumatlara nəzarət etməyən mərkəzləşdirilməmiş platformalara mənfi yanaşır və "Bitchat" bu cür bloklanmaların növbəti nümunəsinə çevrilib.






